|
19 dekabr 2011
2011-ci ilin 15-17 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının qərargahında 8-ci ÜTT Nazirlər Konfransı keçirilmişdir. Konfrans çərçivəsində 3 ölkənin ÜTT-yə üzvlük paketi nazirlər tərəfindən təsdiqlənmiş, həmçinin Doha Raundunun yekunlaşmasını əngəlləşdirən məsələlər müzakirə edilmiş, Dövlət Satınalmaları Sazişi və Ən Az İnkişaf Etmiş Ölkələrin lehinə bir sıra qərarlar qəbul edilmişdir. 3 ölkənin üzvlüyü təsdiqləndi. Öncədən gözlənildiyi kimi Nazirlər Konfransında Rusiya, Samoa (1995-ci ildən sonra ÜTT-yə üzv olan sayca 5-ci Ən Az İnkişaf Etmiş Ölkə) və Çernoqoriyanın üzvlük paketləri nazirlər tərəfindən yekdilliklə (konsensus) qəbul edildi. Rusiya və Samoa 15.06.2012, Çernoqoriya isə 31.03.2012 tarixinədək ölkə daxilində üzvlük paketini ratifikasiya etməlidirlər. Ratifikasiyadan 30 gün sonra həmin ölkələr ÜTT-nin tamhüquqlu üzvü olacaqlar. Doha Raundu: mövcud problemlər. 2001-ci ildə başlayan Doha Raundunun hələ də yekunlaşmaması səbəblərinin müzakirəsinə dair Konfrans zamanı bəzi maraqlı fikirlər söylənmişdir. Belə ki, hazırda danışıqların sürətlə və müvəffəqiyyətlə bitməsinin qarşısını alan səbəb kimi ABŞ, Aİ və s. kimi İnkişaf Etmiş və Çin, Hindistan, Braziliya kimi İnkişaf Etməkdə Olan Ölkələr arasında kənd təsərrüfatı və sənaye malları üzrə danışıqlarda ortaq məxrəcin əldə edilməməsi qeyd edilmişdir. Konfransda Afrikanın başlıca pambıq istehsalçısı olan ölkələrinin (C-4: Benin, Burkina Faso, Çad, Mali) maraqları yenidən nəzərə alındı. Bu ölkələrin pambıq ixracatçılarının digər bazarlara daha sərbəst və ticarət maneələri olmadan daxil olmasına şərait yaradılması qəbul edilmişdir. Ən Az İnkişaf Etmiş Ölkələrlə (LDC) bağlı qərarlar. Konfrans zamanı vacib məqamlardan biri LDC-lərlə bağlı bir sıra qərarların qəbul edilməsi oldu. Belə ki, ÜTT-nin Əqli Mülkiyyət Hüquqları üzrə Sazişinin (TRIPS) LDC tərəfindən yerinə yetirilməməsi kimi güzəştin 2013-cü ildə bitdiyi nəzərə alınaraq, LDC tərəfindən tutarlı əsaslandırmalar olduğu halda bu güzəştin müddətinin uzadılması imkanları müzakirə edildi. ÜTT-nin Xidmətlərlə Ticarət üzrə Baş Sazişinin (GATS) LDC ilə bağlı 2003-Kankun və 2005-Honq Konq Nazirlər Konfranslarında nəzərdə tutulmuş qərar və dəyişiklikləri qəbul edildi. Belə ki, ÜTT-nin İnkişaf Etmiş və İnkişaf Etməkdə Olan Ölkələri LDC-in xidmətlərinə və xidmət təchizatçılarına Ən Əlverişli Rejim (MFN) prinsipindən kənara çıxaraq daha əlverişli rejim tətbiq etməli və öz xidmət bazarlarını LDC üçün liberallaşdırmalıdırlar. Qeyd edək ki, hazırda ÜTT-də 153 üzvdən 31-i LDC statusuna malikdir. Dövlət Satınalmaları Sazişi. Konfrans çərçivəsində ÜTT-nin Dövlət Satınalmaları Sazişinə qoşulmuş 15 ölkə (Avropa İttifaqı bir ölkə kimi sayılmaqla) bu sazişlə bağlı 2001-ci ildən davam edən müzakirələri bitirərək, dövlət satınalmaları sahəsində bazara giriş şərtlərinin liberallaşdırılmasını əks etdirən qərarları qəbul etdilər. Hal-hazırda daha 9 ölkə bu sazişə qoşulmaq məqsədilə danışıqlar aparmaqdadır.
Mənbə: www.wto.org; www.ictsd.org
|